ƏKİN
Xəyyamın günəş hicri təqviminə görə 1387-nci ilin ortalarında (2008-inci ilin sonlarında) araşdırmaların dəvamında Vatikanın tank sürüsü çətin bir savaşdan sonra İranın Azərbaycanında Babək qalasının yaxınlığında kiçik bir şəhərə yetişmişdi. Ortadoğuda günəşin batmamasının təxminən atmış altıncı iliydi. Hələ isti çağ olduğu için savaşın əsil hədəfi pozulmasın və əkinlər faydasız qalmasın deyə savaşda çekirdəkcil bomba da işlənməmişdi. Tank sürüsü İranın ortasındaki çöllərdə əkin olmadığından oralardan uzaq gəzərək irəli gəlib o yerləri dolanaraq neçə bölümü Pakistana neçəsi də orta asiyaya sağrı yollanmışdı.
Babək qalasına yaxınlaşan sürüdə ən öndəki tankın içində üç şövaliyədən biri saqqızını çeyniyərək tankı sürürdü. Biri də tankın başında yolun qabağını diqqətlə dürbünün gözündən geçirirdi. O ətrafda bircə Babək qalasında hələ dirəniş ihtimalı var idi. Onlar Babək qalasının daşlarından belə qorxurdular. Bütün vəsilələrin görsəttiginə görə yaşayan varlıq qalmamışdı. Bu məntəqədə böyük məmuriyyətdən anacq biçim işi qalmışdı. Üçüncü şövaliyə tankın içində oturub ilk baxışda ən rahat işə baxırdı. O, kiçik bir dəftərin kağazlarında bir siri qıssa hərflər, sayılar və soy kimi mə`nalı kələmələr yazıb diqqətlə biri birinin üstünə qalaqlanan torbaların üstünə yapışdıraraq sürücüyə dedi:
- torbalar daha dolub, bu məntəqədə soy şaxələri daha qarışıqdır. Təbəqəbəndlik işi getdikcə çətin olur. Sürünü saxla bunları bir nəzmə gətirək.
Tankın başındakı şövaliyə həyəcanla bağıraraq “Həleluya! Yeni əkin!” – deyə xəbər verdi. Sürücü bir az daha irəli gedəndən sonra daldan gələn tanklara və iki ağır ağır yol dövən dondurucu tireyliyə radyodan dayan buyruğu verdi.
Bu vəqt tankın altından bir qırçıltı səsi çıxdı.
- dayaaaan! – birinci şövaliyə çığırdı. “əkini əzdin! Poxa qatım!” – çirgənib ağzı burnunu bürüşdürərək deyə artıb döşündə guniya rəsmi çekdi.
Üçüncü şövaliyə form paltarları bıraxdıqca tələsik eşigə sıçrayıb tankın şenisinin altına baxıb dərin bir soluq alandan sonra gülümsəyərək yerə tüpürüb dedi:
- Eybi yox. Başı əzilməyib. Amma yaman yalançıymış.
Paltarın ağırlığından və tankın darlığından yorulmuş kimi bir gərnəşib dəftər dəstəgini və torbaları bir bir çıxardıb yerə döşədi. Sonra neç şövaliyəyə dolu torbaların tireyliyə daşıması buyruğunu verdi. Başqa şövaliyələr də yavaş yavaş eşigə çıxdılar amma kimsə biçimi başlamaya tələsmirdi. Hamısının üzündə bədənində yorğunluq var idi. Biçimdən qabaq beş altı qoruqçudan savay başqaları dincəlməgə qoyuldular. Kimi gərnəşib qulunclarını sındırmağa, kimi sandviç gəmirməgə, kimi sidik atmağa, kimi də sigar çekməgə başladı. Bə`ziləri də qoltuq bilgisayar və internetlə ya da cib telefonuyla dünyanın bu başında çətin mə`muriyyətdə olan dilbəndlərindən qayğılanan ana, ata, sevgili və uşaqlarına məktub ya da qıssa mesaj yazıb onları hər şeyin kontrol altında olduğundan mütmə`in eləməgə başladılar. Neçəsi də tankların ya da uçmuş duvarların kölgələrində uzanıb yatdılar.
Şövaliyə başları da uzun bir yol əkin tapıb biçmək ilə tank içində yol dövüb irəliləyən şövaliyələri öz hallarına bıraxmışdılar. Ancaq neçə piadə əskər tankların üstündəki iki gunya nişanlı bayraqları təmizləmək buyruğu aldılar.
Yavaş yavaş hər tankdan neçə torba çıxardılıb tireylilərin birinə atıldı. Mahnı səsi sürünün dayandığı andan göyə qalxıb şövaliyələrin söz söhbətinə qarışmışdı. Kimi də zəbt olmuş mahnıları beyənməyərək öz səsini çekmişdi.
Bir saat dincələndən sonra hamısı bellərindəki oraqçaları çıxardıb hazırlandılar. Böyük Şövaliyə Başı oraqçasını qınından çıxardıb birinci tankın altında qalan səkkiz yaşında kimi qız uşağı cənazəsinin burnunu kəsib torbaya atdı. Beləliklə biçim işi başlandı. Şövaliyələr bir bir ya da neçə neçə vırıldayaraq əkinə girib qıssa oraqçalarıyla şəhərdə yerə tökülən cənazələrin burunlarını kəsib torbaları doldurmağa başladılar. Dolan torbaları neçə şövaliyə beş altı gözləyən uzmanın yanına atıb onların işini başladandan sonra biçim işinə dəvam etməgə qoyuldular.
Böyük Şövaliyə Başı oraqçasını yenə belinə taxıb biçimin dəvamını şövaliyələrə bıraxdı. Filistində, Əfğanistanda və Iraqdaki əməkdaşlarına telefon eliyib həmahəng olduqlarını sağlayandan sonra sirri bir nümrəni tutub sanki yüksək məqamlı biriylə danışır sayğılı ləhn ilə işin harda olduöu raportunu verdi:
- İranın əkinini daha yaladıq! Burda təxminən daha bir şey qalmıyıb!
Sonra sanki buyruqlara qulaq asır hərdən “baş üstə!”, “ita`ət!” deyə cəvab verirdi. Bir an tə`əccübdən inanmayaraq diqqətlə qulaq asıb eşitdigi xəbərə yəqin edəndən sonra əsməgə başladı amma qayğılanmasını kimsəyə bilindirməməgə çalışdı. Təması bitəndən sonra bir az dayanıb dərin bir nəfəs çekib sonra özündən aşağı məqamlı şövaliyə başlarını xitab edərək:
- Ortodoks kilisəyə ayırılan torbaları saxlıyın! Yuxarıdan gələn buyruğa görə biçimin hamısını Buruntanamo`ya göndərəcəyik! Biçinçilərin BNSS bölümünü də Ərəblərə sağrı yolluyun! - deyə əmretdi.
***
Həmən zaman Burunopiyanın lap ortasında olan Vatikanda altmış altı yaşlı popa Buruno XVI neçə yüksək məqamlı burun kardinaldan başqa kimsənin içinə girməsinə izni olmayan altı yüz altmış altı sayılı otaqda ölüm yatağında uzanıb burun ölçən bir guniyanı döşünün üstündəki əllərində bərk bərk sıxaraq gözlərini dama tikmişdi. Damda çekilən çox eski bir naqışa görə günəş sisteminin gəzəgənləri günəş ilə birlikdə Burun - Maşex`in ətrafında dolanmaqdaydılar. Naqışın güney tərəfində latincə “Elohim Burun əl Ə`la” yazılmışdı, quzeyində isə bir gunya naqışının içində Uşaq - Burun damın hər yerinə işıq saçmaqdaydı.
Otaqdaki beş burun kardinal Popanın öləcəgini bilərək hərdən bir döşləri üstündə gunya rəsmi çekirdilər. Onların ən yaşlısı Vatikanın qaydasına görə özünün öləcək Popanın yerinə oturacağını yəqin bildigi için qəlbində bir az daha tələsirdi. Bu duyğunu suç olduğunu və daha çox gunya çekdiginə qarşın gərçəgin olub bitməsini Vatikanın iki min ildən çox yaşadığı burun tarixi, mədəniyyəti, kültürü və güddügü hədəf için bir gərək bilirdi.
Bu an burun kardinallardan birinin cibindən vızıltı səsi çıxdı. O, cib telefonunu çıxardıb üstüdəki nümrəyə baxıb yaşlı burun kardinala verdi. Yaşlı burun kardinal telefonu alıb tələsik otaqdan çıxdı.
Yataqda uzanan Popa isə hələ hədəf yolunda müqəddəs vəzifəsinə fikr elirdi. Otaqda qəfəsələr, yerin üstü və yatağın altı belə Kitabi-Müqəddəs, Pinokiyo, Gogol`un burun hikayəsi kimi qaynaq kitablar və dəri üstündə yazılmış olan engizisyon əsrində müsəlmanları burun ölçmə yoluyla tanımaq, Burunazistlərin həmən yolla yəhudiləri ələmək, anglia`da və İspanyada uzun burun qadınları cadugər və sihirçi olaraq tapıb yandırmaq və hərəsinə aid olan bilgisəl alətlərinə raci olan sənədlər və bə`zən alətlərin özləri ilə doluydu, duvarlardansa məşhur rəssamların və fotoğrafçıların Burun qonulu şahəsərləri asılmışdı. Popa birdən sanki bir şey ağlına gələn kimi olub güclə döşünə bir gunya çekib burun kardinallardan Pinokiyo kitabının 166-ncı səfhəsini onun için qira`ət etmələrini istədi. O, altmış altı yaşının böyük bölümünü bu qaynaq kitabları oxumaqda geçirib və əslində hamısını hərf hərf əzbər idi. Burun kardinallardan yaşda ən gəncləri Popanın bu istəgini yerinə yetirib və kitabı öpəndən sonra 166-ncı səfhəsini açıb yavaş yavaş qira`ət etməgə başladı. Popa nə qədər qulaq asıb düşünsə də o qədər çox tə`əccübə cumurdu. Yaşamının boyu çox zamanlar ağlından ömrünü qoyduğu işin ondan qabaqki çalışmalar kimi hədəfə yetişməməgin dəhşətli öngörüsü qəlbini acıdıb beyni tərdid dumanlarıyla bürünmüşdü amma bu qayğını yüksək himmətlə inananlarından xüsusən şövaliyələrdən gizlətmişdi. O, mömincə bu qədər kitab və sənədin yaranmasının demək mə`nalı olduğunu və hətta onların yardımıyla “sözü verilmiş Burun – Maşex`in” tapılacağını inanmışdı amma niyə hədəfə yaxınlaşmadan belə heç bir nişan yoxudu? – deyə düşünmüşdü.
Yaşlı burun kardinal otağa geri dönəndən neçə dəqiqə sonra Popanın inandığına görə dünyanın yaranışından olan ən böyük sirri çözmək için təlaşı nəticəsiz qaldı. Bir daha damdaki Burun – Maşex`in naqışına baxıb, “BurunElli! lama sabaqtani?” deyib sonucu soluğunu aldı. Yaşlı burun kardinal dirsəgi ilə Pinokiyo qira`ət edən burun kardinala vurub onun səsini kəsdi. Otaq bir dəqiqə kimi səssizligə cumduysa da birdən yeni bir təlaş başlandı. Yaşlı burun kardinal Popanın gözlərini əli ilə yumub tez onun döşünün üstündə əllərində bərk bərk saxladığı gunyanı çıxartdı. Ötəki burun kardinallar bu andan yaşlı burun kardinalı yeni Popa bilərək onun buyruqlarını gözlürdülər. O da bunu bildigi için Popanın başında Burun – Maşex`in mücəssəməsi olan çəmigini yatağından götürüb yerə diriyib sözə başladı:
- Zati- aliləri Popa Buruno XVI. nın sələflərinə qovuşması xəbərini eşikdə dayanıb dua etməkdə olan mö`minlərə yetirin. Paltarlarını ocaqda yandırıb pacadan tüstü qalxızdırın.
O, bu sözləri diyərkən ötəki dörd burun kardinal işə başlıyıb ölü Popanı soyundurmaqdaydılar. Yaşlı burun kardinal onlara baxıb diqqətlə qulaq asmalarından əmin olaraq sözünə dəvam etdi:
- Cələsənin rəsmi olması sağlanmaq için Popanın cənazəsini eşigə çıxardın ta yeni burun kardinal otağa çağırıla bilsin və məni yol gözləyən mö`minlərə Popa Buruno XVII olaraq tanıtdırın.
Qıssa bir məksdən sonra siyasətinin fərqli olmasını vurğulayaraq daha möhkəm səslə dəvam etdi:
- Bu Gogolun kitabını və Ortodoks kilisəyə aid olan sənədləri də ocağa atın. Mənə görə bunlarda heç bir şey yoxdur. Ortodoks kilisənin burun payını kəsin. Onlar istəsələr bizə inansınlar, yoxsa gedib sözü verilmiş burunu çörəklərinin içində axdarsınlar. Məndən sonra Vatikanda və bütün dünyada yeni bir əsr başlanacaq. Biçinçilərin neçə sürüünü Türkiyyə və Azərbaycan cumhuriyyətinə BNSS bölümünü də güneydə Ərəblərə sağrı göndərin. Yeni əsrə səlam! – deyə sözünü bitirib gözləmədən cib telefonuyla nümrə çevirdi.
- Peyğəmbər Bushe` Bin Burun zati-aliləri! Hə, hə zati-aliləri, peyğəmbərsiniz, hətmən bilirsiniz, günəşi batmaqdan saxlamağa dəvam
etməniz için müraciət etmişəm...
SON
Yazan: Müctəba Puya (Yünatan)
Azər – Bəhmən 1386 Xəyyami – Cəlali təqvimi hisabına görə
Dekabr 2007 – Fevral 2008 burun tarixinə görə